heart icon
Sifarişi tamamla

Səbətiniz boşdur!

Arzu siyahısı

Sizin arzu siyahınız boşdur.

Qarabağ Dirçəliş Fondu Embawood-a təşəkkür sertifikatını təqdim etdi

2023-06-20

17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə şəhid və qazi ailələri, hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də Gəncə şəhərinin sakinləri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev öz çıxışında “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Mədəniyyət televiziyası ilə canlı yayımlanan konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Ansamblın instrumental heyəti, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər.

Anşlaqla keçən konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib.

Ziyafətdə Qarabağ Dirçəliş Fondu bu konsertə biletləri əldə edərək şəhid və qazi ailələri üçün hədiyyə etdiyinə görə Embawood MMC-yə təşəkkür sertifikatını təqdim etdi.

Qeyd edək ki, konsertdən əldə edilən vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Görüntülü məsləhətçi