Sizin arzu siyahınız boşdur.
2024-05-24
“Embawood” Çövkən Klubu Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasında ilk oyununa çıxıb
21 may tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Liqanın açılış mərasimi Binə Atçılıq Mərkəzində baş tutmuşdur. Tədbirin açılış nitqi ilə çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev qədim tariximizin təcəssümü olan Qarabağ atlarının iştirakı ilə keçirilən bu turnirin Azərbaycanda çövkənin gənclər arasında təbliğatında böyük rol oynayacağını bildirib. Çövkənin qədim tarixindən bəhs edən federasiya rəhbəri hər il ənənəvi olaraq baş tutan Prezident Kubokunun və Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsinin ölkədə bu idman növünün inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Tədbirin davamında Peşəkar Çövkən Liqasında təmsil olunan komandaların paradı təşkil olunub, daha sonra Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsi, “Qavaldaş nağara” ritm qrupu və “Cücələrim” rəqs ansamblının nümunəvi çıxışları təqdim edilib.
“Embawood” Çövkən Klubu turnirdə ilk oyununu “Omar” komandasına qarşı keçirib. Görüş 1:0 “Omar” komandasının qələbəsi ilə başa çatmışdır.
Qeyd edək ki, ümumilikdə, Peşəkar Çövkən Liqasında 18 turun keçirilməsi nəzərdə tutulur. Turnirdə iştirak edən hər komanda bir-birinə qarşı 2 oyun keçirəcək və 4 dekabr tarixində turnirin qalibi elan ediləcək.